Bank sahəsində karyera qurmaq və peşəkar inkişaf yolunda güclü başlanğıc etmək istəyirsiniz? Karyera qapımız hər birinizə açıqdır.
Bank of Baku olaraq gənc istedadların inkişafına xüsusi önəm verir, onların əmək bazarına uğurlu inteqrasiyasını dəstəkləyirik. Bu məqsədlə gənc, motivasiyası yüksək, öyrənməyə açıq və güclü ünsiyyət bacarıqlarına sahib tələbələri “Bob-dan biri” könüllü təcrübə proqramına qoşulmağa dəvət edirik.
Təcrübə proqramı iştirakçılara real iş mühitində təcrübə qazanmaq, Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaq, peşəkar əməkdaşlarla birlikdə çalışmaq və müxtəlif layihələrdə iştirak etmək imkanı yaradır. Proqram müddətində təcrübəçilər mentor dəstəyi alır, nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirir və bank sektorunun iş prinsiplərini yaxından öyrənirlər.
Gənclərin inkişafına dəstək strategiyamızın mühüm istiqamətlərindən biri də ölkənin aparıcı ali təhsil müəssisələri ilə qurduğumuz əməkdaşlıqlardır. Hazırda Bank of Baku Azərbaycanın 18 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu təhsil müəssisələrinin 15-i dövlət, 3-ü isə özəl ali təhsil müəssisəsidir. Tərəfdaşlarımız sırasında Bakı ilə yanaşı Gəncə, Lənkəran və Sumqayıt kimi regionları təmsil edən universitetlər də yer alır ki, bu da gənclərin peşəkar inkişafına, regionlarda insan kapitalının gücləndirilməsinə və istedadlı kadrların yetişdirilməsinə töhfə verir.
Universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələr istehsalat təcrübələrinə cəlb olunur, Bank nümayəndələri isə mütəmadi olaraq karyera sərgilərində, maarifləndirici görüşlərdə iştirak edərək gənclərlə birbaşa ünsiyyət qururlar. Bu əməkdaşlıqlar tələbələrə bank sektorunu yaxından tanımaq, real iş mühitində təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək imkanı yaradır.
Bank of Baku inanır ki, gələcəyin uğurlu mütəxəssisləri bu gün yaradılan imkanlar sayəsində formalaşır. Məhz buna görə də gənclərin inkişafına investisiya edir, universitetlərlə əməkdaşlıqlarımızı davamlı olaraq genişləndirir və gələcəyin peşəkarlarının yetişməsinə töhfə verməyə davam edirik.